Şəhid Batdal Bayraxdarovun xatirəsi anılıb - VİDEO

Şəhid Batdal Bayraxdarovun xatirəsi anılıb - VİDEO

  • 13-Oct-2021, 19:00

Vətən müharibəsi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Vətən savaşı zamanı “torpaq”, “bayraq”, “igidlik”, “milli həmrəylik” və digər bu kimi dəyərlərin xalqın dünya görüşündə xüsusi yer tutduğunun bir daha şahidi olduq.

Bu gün 2002-ci ildə Qubanın Ağbil kəndində dünyaya göz açan Azərbaycan Ordusunun 18 yaşlı əsgəri, şəhid Batdal Bayraqdarovun xatirəsi anılıb.

Vətən müharibəsində gedən döyüşlərdə savaşan Bayraqdarov oktyabrın 12-də Füzuli rayonu istiqamətində şəhid olub. Doğulduğu kənddə şəhidin adına bulaq inşa edilib.

Açılışda iştirak edənlər Batdalın qəhrəmanlıqlarından danışıblar. Şəhidin bacısı deyir ki, Batdal ölməyib, yaşayır. Nə zaman onu xatırlasa, qardaşı həmin gün onun yuxusuna gəlir. Gənc yaşında vətənin azadlığı uğrunda mübarizə aparan Batdal Bayraqdarov uzun illər idmanın cüdo növü ilə məşğul olub. O, dəfələrlə yarışlarda qalib olaraq mükafatlara layiq görülüb. İştirak etdiyi yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq üçün mübarizə aparan Batdal bu gün vətənpərvərlik kürsüsünün ən üst pilləsini fəth edərək şəhidlik zirvəsinə ucalıb.

Batdal Bayraqdarov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qəhrəmanlıqla döyüşdüyünə görə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: